FiF17 - Maliyyə və investisiya Forumu | Webpage.Az

FiF17 - Maliyyə və investisiya Forumu

FiF17 - Maliyyə və investisiya Forumu

Maliyyə və İnvestisiya Forumunu keçirməkdə məqsəd maliyyə maarifləndirməsidir. Bildiyiniz kimi ölkəmizin növbəti illərdə inkişafını təmin etmək üçün Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində maliyyə bazarı, maliyyə xidmətlərinin inkişafı isitiqamətləri prioritet məqsəd kimi qarşıya qoyulub. Bu sənəddə Azərbaycanda maliyyə bazarında olan çatışmazlıqılar, onların aradan qaldırılması yolları və dünyada tətbiq edilən qabaqcıl təcrübə haqqında təfərrüatlı məlumat və tövsiyyələr də təqdim edilib. Dövlətin bu siyasətinin davamı olaraq 01 Yanvar 2017-ci ildən etibarən vergi məcəlləsinə edilmiş dəyişikliklər vasitəsilə şəffaf mühasibat uçotunun, vergi ödəyicilərinin intizamının artırılması və elektron sənəd dövriyyəsinin tətbiqi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsinin tövsiyyələrinin və vergi məcəlləsinə edilən son əlavə və düzəlişlərin gətirdiyi çağırışları geniş tamaşaçı kütləsinə çatdırılmasına və maarifləndirmə tədbirlərinə ehtiyac var. Yol xəritəsində hətta bu barədə Strateji hədəf 5 – “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı xüsusi bölmə var. 5.1 və 5.2 bəndlərində Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın üzərinə bu işin planlaşdırılması və icrası həvalə edilib.

Keçiriləcək bu forum sayəsində şirkətlərarası, dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olmasının ümumilikdə sektora çox müsbət təsir edəcəyinə əminik. İnkişafın yolunun ilk öncə şəffaflıqdan keçdiyini düşünərək sloqanımızı da “şəffaflıq və inkişaf” seçdik.
Forum 06 may 2017 tarixində bütöv gün olmaqla keçiriləcək. 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3 spiker olması nəzərdə tutulur. Panellərin biri Maliyyə Bazarları və inkişaf perspektivləri, 2-cisi Maliyyələşmə Strategiyaları, 3-cü isə Vergi siyasəti və şəffaf hesabatlılıq-dır.
Maliyyə sahəsində çalışan menecerlər, sahibkarlar, maliyyə ilə maraqlanan hər kəs iştirak edə bilər.

Qeyd edək ki, Webpage.Az forumun texniki tərafdaşı və fif.az saytının müəllifidir.

Date of publication: 10.04.2017